Sosial mediada problemlər

18.04.2019

Sosial Mediada qarşılaşdığımız problemlər və həll yolları

Sosial Media rəqəmsal marketinqin bir hissəsi olmaqla müxtəlif növ məhsulların marka loyallığını artırmaq, yeni müştəri cəlb etmək və satışını artırmaq üçün ən effektiv vasitələrdən biridir. Müasir dövrün rəqəmsallığı bizdən bunu tələb etdiyi üçün gündəmlə bağlı məsələlərə ilk öncə sosial mediada toxunulur. Buna görə də hər bir marka özünü rəqəmsal aləmdə tanıtmaq və insanların gözündə imicini daha da yüksəltmək üçün sosial media kanallarına olan üstünlüyü artırmağa çalışır. Lakin reklam zamanı, xüsusilə, sosial mediada müxtəlif növ problemlər qaçılmazdır və bu məqaləmizdə onların həll yollarını araşdıracayıq.

1. Axtarış zamanı kontentin gözlənilən nəticə verməməsi
Google axtarış sistemində üst sıralarda görünmək hər bir rəqəmsal marketoloqun əsas hədəfidir, çünki bu orqanik trafik əldə etməyin əsas vasitəsidir. Bəs yaratdığınız kontent hələ də axtarış sistemində görünmürsə bu problemi necə həll etmək olar? Burada əsasən işin SEO (Search Engine Optimization) hissəsinə fokuslanmalıyıq. Kontent yaradarkən hansı açar sözləri istifadə etməyimiz və onların bizim biznesimizə nə qədər yararlı olub-olmadığını analiz etmək problemi həll etməyimizə kömək olacaqdır. Sosial media səhifələrinizi gözdən keçirin və daha çox hansı sözlərdən istifadə edirsinizsə yola burdan başlayın. Növbəti addımda bu açar sözlərin müəyyən edilməsi axtarış sistemində kontentin üst sıralarda görünməsi üçün sizə kömək olacaqdır. 

2. Müştərilərin sosial mediada sizin haqqınızda danışmaması
Bir çox markaların sosial mediada qarşılaşdığı ən böyük problemlərdən biri müştərilər ilə qarşılıqlı əlaqənin olmamasıdır. Sizə görə hazırladığınız kontent mükəmməl ola bilər, lakin bəyənmə, rəy və paylaşım sayı olduqca aşağıdır. Bu problemin əsas həll yolu yaratdığınız kontent üzərində yenidən düşünməyiniz ola bilər. Məsələn, Facebook üzərindən paylaşdığınız uzun formatda olan videolar müştərilər tərəfindən maraqla qarşılanmırsa deməli qısa formatda olan videolara keçid etməyin zamanı gəlmişdir. 

3. Hədəf auditoriyasının düzgün seçilməməsi
Sosial media səhifələrinizdə minlərlə izləyiciniz ola bilər, lakin demoqrafik cəhətdən düzgün hədəfi seçməsəniz nəticə necə olacaq? Bu problemin həll yolu sosial media kanallarında “dinləmə” strategiyasını artırıb “danışmaq” strategiyasını azaltmaqdır. Daha ətraflı desək, bir müddət kənardan müştərilərin davranışlarına və onların gündəmdə olan mövzulara olan reaskiyasını ölçün. Daha sonra öz markanızı həmin mövzu ilə əlaqələndirməyin kreativ yollarını araşdırın. 

4. İnsanların markanızla əlaqəli olan qavrama tərzi yanlışdır
Başqa bir problem isə insanların sizin markanız haqqında yanlış düşüncəyə sahib olmasıdır. Yəni müzakirə obyekti ola bilərsiniz, lakin bu sizin biznesinizi təsvir etmir və sosial mediada düzgün olmayan imic yaradır. Bu problemi həll etmək üçün paylaşımlarınızda müəyyən bir baxış tərzini yamsılayan və insanların diqqətini çəkə biləcək “hashtag”lardan istifadə edə bilərsiniz. Və həmçinin paylaşımlarınızdakı yazıların ahənginə düzəliş etməlisiniz. Əgər siz markanızın ətrafında parlaq və gəncliyi vurğulayan bir enerji yaratmaq istəyirsinizsə onda gənclərin dilindən danışmağı bacarmalısınız.  

5. Digər markalar müştərilərin diqqətini daha çox çəkir
Sosial mediada nə qədər paylaşım etməyinizdən asılı olmayaraq rəqibləriniz hər zaman sizdən daha yüksək göstəriciyə və qarşılıqlı əlaqələrə sahib ola bilər. Əslində bu sizə rəqiblərinizi araşdırmağa, onların hansı vasitələr ilə müştəriləri cəlb etmələrinə və hansı platformalardan istifadə etdiyini öyrənməyə imkan yaradır. Məsələn rəqibiniz “çarpaz tanıtım” (cross promotion) strategiyasını tətbiq edə bilər. Bu isə ona daha çox reaction, engagement və s. üstünlüklər verə bilər. 
Nəticə olaraq onu nəzərinizə çatdırmaq istəyirik ki, qarşılaşdığınız bütün çətinliklər əslində öz səhvlərinizi real olaraq görüb onları düzəltmək üçün bir imkandır. İndiki dövr bizdən sosial media alətlərindən istifadəni genişləndirib biznes üçün müəyyən hədəfə çatmağı tələb edir. Sosial mediadan istifadəni daha ağıllı və effektli hala gətirərək siz öz marka loyallığınızı yenidə təmin edə, müştərilər ilə asan əlaqə qurub onlardan təəsürat ala və marka hekayənizi müxtəlif platformalarda paylaşa biləcək kütləni ətrafınıza yığa bilərsiniz. Bu həm də Word of Mouth – ağızdan ağıza marketinq tətbiq etməyiniz və effektli nəticə almağınız üçün əla vasitə ola bilər.