Atena vurdu və qoool

27.03.2019

“Real Time Marketing” və “Responsive Marketing” terminlərini son zamanlarda sıxlıqla eşitməyə başlamışıq. Bu, daha çox markaların gündəmdə qalmaq və zamanın nəbzinə ayaq uydurmaq istəməsindən irəli gəlir. Müasir trendlər isə elə bizdən bunu tələb etdiyindən bu cür yanaşmalara maraq getdikcə artır və uyğun konsepsiyalar markaları cəmiyyətdə müzakirə olunan mövzuların mərkəzinə gətirir. 

 

Bəs bu iki termin nədir? Aralarında nə fərq var?

Əlbəttə ki, hər bir yanaşmanın özünə görə müsbət və mənfi tərəfləri var və məqaləmizin davamında bu barədə məlumat verəcəyik. 
Real Time Marketing – markanın gündəmdə baş verən hadisələrə olan fürsətcil reaksiyasıdır. Bu, yerində və uyğun hazırlanarsa, markanı bir müddət müzakirədə saxlamaq istəyən marketerlər üçün yaxşı taktikadır. Hətta, işə biraz yumor qatanda reklamın viral olma ehtimalı daha da artır. Bu yanaşmaya ən yaxşı nümunəni Oreo markası tərəfindən hazırlanmış tweet sayəsində verə bilərik. 

"Super Bowl XLVII American Footbal" qarşılaşmasında elektrik problemi səbəbi ilə 34 dəqiqə gecikmə baş vermişdir. Oreo markası bu fürsətdən istifadə edərək, zamana və hadisəyə uyğun bir tweet hazırladı, bütün diqqəti öz üzərində cəmləməyi bacardı. Nəzərə alsaq ki, gecikmə zamanı qarşılaşmanı izləməyə gəlmiş insanlar vaxtlarını sosial mediada "öldürmə" yə çalışırdılar, Oreonun hazırladığı bu tweet – “You can still dunk in the dark (Qaranlıqda da südə batıra bilərsən)" – çox uğurlu və yerində paylaşılan Real Time Marketing strategiyası olmuşdur. Bu yarışma müddətində TV reklamlarının çox baha olduğunu nəzərə alsaq, bu cür reklamlar ROI (Return On Investment) imkanlarının vacibliyini də vurğulamış oldu. 
Yuxarıda dediyimiz kimi, hər bir yanaşmanın üstünlükləri ilə yanaşı, mənfi tərəfləri də vardır. Qeyd etmək lazımdır ki, Real Time Marketing strategiyası qısa müddətlidir və buna görə də paylaşılan reklamlara yenidən düzəliş etmək mənasız olur. Digər markalar tərəfindən hər hansı bir yanlışlıq aşkarlanarsa, elə həmin markaya cavab verilmə ehtimalı yüksəkdir. Böyük çatışmazlıqlar qısa müddət ərzində markanın imicini aşağı sala bilər. Lokal keyslərdən biri Sirab - Atena keysidir. Belə ki, Sirab markası öz sosial şəbəkə hesabında tam hazır olmayan post  - “Lorem Ipsum” şablon mətni yazmışdı. Bunu fürsət bilən Atena markası müvafiq cavabla yeni “Real Time Marketing” həmləsi etmiş və bir rəqəmsal axının bünövrəsini qoymuşdu. Ardınca bir çox marka bu istiqamətdə öz sosial şəbəkə hesablarında fərqli postlar hazırladı.

 

Responsive Marketing” – zamanın nəbzinə ayaq uydurduğumuzda və yenilikçi olmağa çalışdığımızda yaranır. Bu zaman həm strategiya yönümlü aktiv olmaq, həm də müştərilərin istəklərini nəzərə alıb, müvafiq reaksiya vermək daha məqsədəuyğundur. Bir marka olaraq insanların fikirlərini üzərimizə çəkəcək və müsbət təəssürat doğuracaq yenilik axtarışında olmalıyıq. Buna görə də daim trendləri izləmək, kütləvi informasiya vasitələrində insanların ən çox hansı mövzu haqqında danışdığına fikir vermək və buna uyğun reaksiya hazırlamaq lazımdır. Amma bir məsələyə mütləq diqqət edilməlidir - bu mövzuların markanın imicinə mənfi təsiri olmamalıdır. Responsive marketinq strategiyası hədəf auditoriyasına uyğun olmalı və onların diqqətini çəkməyi bacarmalıdır. Əks halda, bu, markanın imicinə xələl gətirəcəkdir. 

Buna nümunə olaraq Novruza xas çərşənbələri Atena markası üçün responsive marketing strategiyasına uyğun hazırladıq. Amma bununla kifayətlənməyib, bir müddət əvvəl də istifadə etdiyimiz Brand Battle taktikasından bir daha tətbiq etdik. Burada əsas məqsəd Atena markasına bir başa yox, dolayı yol ilə rəqib olan markaları müqayisə etmək idi. Hər bir çərşənbənin xüsusiyyətinə uyğun postlar hazırlanaraq müvafiq ardıcıllıqla paylaşıldı.

Od çərşənbəsində ələ aldığımız xüsusiyyət istilik idi. Digər məhsulları isidib istehlak etmək sağlamlıq üçün zərərlidir. Amma süd isidilərək içilmək xüsusiyyətinə malik olması vurğulanmışdır. 

Yel çərşənbəsindən hava ünsürü əsas götürülmüşdür. Başqa içki növləri ilə müqayisədə südün tərkibində qaz olmadığı üçün qazın çıxmaq ehtimalı da yoxdur. 

Torpaq çərşənbəsi əsasən torpağın oyanması və təbiətin canlanması və bitkilərin cücərməsi ilə seçilir. Hazırladığımız bu paylaşım ilə Atena süd məhsullarının fəsil dəyişikliyindən asılı olmayaraq ilin hər bir vaxtı içilə biləcəyi qeyd edilmişdir.

Göründüyü kimi Atena markası üçün tətbiq etdiyimiz Responsive marketing addımı, əvvəlcədən bəlli olan Novruz çərşənbələrini fərqli konseptə daşıyaraq markanı gündəmdə saxlamağı bacarmışdır.